NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 126
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə

Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə

2014-cü ildən başlayaraq Azərbaycan məktəblərinə tədris 15 sentyabrdan başlayaraq, 15 iyunda yekunlaşır.

 Nazirlik bununla bağlı açıqlama verərək bildirib ki, bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılmasıdır. Belə ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.
 
Bəzi təhsil ekspertləri də qeyd edir ki, yay tətilinin bir qədər qısa olması heç bir şagirdə zərər gətirməz. Buna əsas gətirilərək bildirilir ki, Şimali İrlandiyada tədris ili sentyabrın əvvəlindən başlayıb, iyulun ortalarına kimi uzanır, o cümlədən Qazaxıstanda tədris ili 10 iyuna qədər uzadılıb və sairə.
 
Valideynlərin böyük əksəriyyəti isə hələ də tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmir, isti yay günlərində övladlarının məktəbə getməsini istəmir. Qeyd olunur ki, onsuz da may ayından etibarən məktəblərdə tədris kitabları yığışdırılır, bu da uzadılan tədris müddətində keyfiyyətli təhsil alınmasına təsir göstərir, ən əsası isə bir çox məktəblərdə kondisioner sistemlərinin olmaması məktəblilərin sağlamlığına təsir edir və sairə.
 
Maraqlıdır, əksər valideynlər dərs ilinin iyunun 15-dək uzadılmasından narazı olduğu halda bu müddətin daha iki həftə artırılmasına ehtiyac varmı?
 
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Bu haqda daima bildirmişəm. Lakin təəssüf ki, yenilik adı altında bəzən mənasız addımlar atılıb. Bunlardan biri də tədrisin 14 iyuna qədər uzadılmasıdır. Azərbaycanda təhsil uzun illər sovet hakimiyyəti illərindən qalma ənənələrlə davam edib. Əgər istəyiriksə 34 həftəlik tədris müddəti müəyyən edilsin, tədris ilinin başlanğıcını sentyabrın 15-dən deyil, 1-dən götürməliyik. Onsuz da sentyabr ayı payız ayıdır və havalar sərin olur. Bilirsiniz ki, artıq bir neçə ildir ki, şagirdlər məktəbə məktəbli formasında gedirlər. Bu geyimlər də yalnız yay və qız geyimlərinə uyğundur. Yəni təsəvvür edin ki, yay mövsümü üçün geyim alan valideyn bir müddətdən sonra payız geyimi almaq məcburiyyətində qalır. Qısa vaxtda alına təzə geyim istifadə olunmur. Şagird də bir qədər böyüyür, yeni geyimdən istifadə edə bilmir. Bu ada valideynin bir neçə dəfə xərcə salması deməkdir. Ona görə də şagirdlər dərsə sentyabr ayının 1-dən başlasalar, həm valideynlər tərəfindən alınan yeni geyimlər bir qədər uzun müddətli istifadə olunar, yəni bir ayda iki dəfə geyim almağa ehtiyac qalmaz.
 
İkinci bir tərəfdən, məlum məsələdir ki, ölkəmizdə istilər iyun ayından başlayır. Valideynlərin bir çoxu yay aylarında artıq istirahətə gedir. Düşünürəm ki, 14 gün ərzində keyfiyyətsiz təhsildənsə, tədrisi sentyabrın əvvəlinə gətirmək lazımdır.
 
Bir daha qeyd edirəm ki, tədrisin sentyabrın 1-də başlayaraq, mayın 31-də bitməsi daha doğrudur. Iyunun 1-dən başlayaraq tədrisin 14 gün artırılmasının təhsilə azacıq da olsa müsbət təsiri olmur. Əksinə, insanların təhsilə qarşı olan münasibəti soyuyur. Çünki may ayından başlayaraq məktəblərdə tədris kitabları yığılır, davamiyyət aşağı düşür və sairə. 14 günün artırılması təhsilin keyfiyyətinə heç bir təsir göstərmir. Düşünürəm ki, axır ki, təhsil nazirliyi bu məsələdə ictimaiyyətin istəyini nəzərə alacaq və növbəti tədris ilini sentyabrın 1-dən başlayıb, mayın 31-də bitirəcək".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system